Tarixən, əməyin mühafizəsi sahəsində tədbirlərin gücləndirilməsi və dəyərləndirilməsi cəmiyyətin diqqət mərkəzində olduğu kimi, bu məsələ müasir dünyamızda da aktuallıq kəsb edir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, hər il dünyada istehsalat xəsarəti və peşə xəstəliyindən 2 milyon insan həlak olur. Bu bədbəxt hadisələr ölkələrin iqtisadi inkişafına da ziyan vurur və dünya üzrə ümumi daxili məhsulun 4 faizinin itirilməsinə səbəb olur.

Hazırda əməyin mühafizəsi yalnız sosial baxımdan deyil, iqtisadi baxımdan da önəmli məsələlərdəndir. Uzun illərin təcrübəsi də təsdiq edir ki, əmək şəraitinin yaxşı olduğu, müvafiq norma və standartlara uyğun təşkil edildiyi müəssisələrdə səmərəlik, məhsuldarlıq da yüksək olur.

Müstəqil ölkəmizdə də əməyin mühafizəsinə, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına dövlətimiz xüsusi diqqət ayırır. Bu məsələnin həlli təbliğat və çağırışlarla məhdudlaşmamış, ilkin olaraq olduqca dolğun qanunvericilik bazası yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunur. Əsas qanunda işçilərin əmək və istirahət hüquqlarının əsasları da mükəmməl əksini tapmışdır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində əməyin mühafizəsinə geniş yer verilmiş və bu məcəllə mütamadi olaraq BƏT-in müvafiq konvensiyaları əsasında daha da təkmilləşdirilmişdir. Eyni zamanda, müvafiq icra qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tələblərinə dövlət nəzarətini həyata keçirir. İlbəil təkmilləşən ölkə qanunvericiliyində də insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin aradan götürülməsinə səbəb olmaqla, aidiyyəti şəxslərin hətta məsuliyyətə cəlb olunması qaydalarını da müəyyənləşdirib.

Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması istehsalatda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasından başlanır. Amma bu məsələ o qədər çoxşaxəlidir ki, burada olduqca mükəmməl sosial-iqtisadi və hüquqi tədbirlər sistemini görürük. Əməyin mühafizəsinin və texniki təhlükəsizliyin təmin edilməsi, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması, işçilərin vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılması və biliklərinin artırılmasına yönəldilmiş tədbirlər bu sistemin tərkib hissəsidir. Mütəxəssislər iş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkilini əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsinə səbəb olacaq əsas istehsal amili kimi qiymətləndirirlər.

Əmək mühafizasi ilə bağlı kompleks məsələlər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 11 may 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanuna əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün işəgötürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.  Bununla yanaşı, əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin olunması məqsədi ilə sığorta şirkətləri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəal əməkdaşlığı var. 2013-cü ilin dekabrında həyat sığortası fəaliyyəti ilə bağlı müvafiq lisenziyası olan “Paşa Həyat”, “Atəşgah Həyat” və “Qala Həyat” sığorta şirkətləri arasında tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb. Bu razılaşmaya əsasən, tərəflər sığortalılar tərəfindən bədbəxt hadisə və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini və inkişafını təmin edirlər.

Sazişin əsas məqsədi işçilərin sosial təminatınıqaydaya salmaqdır. Bu sığorta sistemi olmadıqda bütün öhdəliklər işəgötürənlərin üzərinə düşür. Əmək Məcəlləsinə görə, hadisə baş verdikdə işəgötürənlər bütün xərcləri öz hesablarına həyata keçirməlidilər. Lakin maliyyə vəziyyəti ağır olan şirkətlər bunu edə bilmirdilər, işçilər sosial təminatdan kənarda qalırdı. Məhz bu sığorta sisteminin tətbiqi işçilərə sosial təminatın sığortalanmış formasını əldə etmək imkanı verir. İşəgötürənlərin isə üzərində öhdəlik qoyur ki, bütün işçilərini bu növ üzrə sığortalasınlar. Qanunvericilikdə Dövlət Əmək Müfəttişliyinin qanunları pozan iş yerlərini müvəqqəti bağlamağa qədər səlahiyyətləri var. Bu cür qanun pozuntularına görə böyük cərimələr də nəzərdə tutulur.

Əmək Müfəttişliyinə lazım olan bütün səlahiyyətlər də verilib. Amma son vaxtlar əmək hüquqlarının təmin olunması ilə bağlı xeyli işlər görülcə də bəzi problemlər qalmaqdadır. İşçini normadan artıq işlətmək, əmək müqavilələrinin bağlanmaması, məzuniyyət hüququnun tanınmaması, qeyri-qanuni ixtisarlar, bədbəxt hadisələr zamanı işverənin məsuliyyətdən yayınması kimi problemlərlə mübarizə günümüzün real tələbidir.  Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov mətbuata açıqlamasında bildirib ki, bir sıra işəgötürənlər tərəfindən iş yerlərində əməyin mühafizəsi qaydalarının yerinə yetirilməməsi, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilməməsi işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur. Əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi və baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi işəgötürənlərin əsas vəzifələrindən biridir: “Xidmət tərəfindən son dövrlər bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi işəgötürənlərdə işçilərin əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədəki, nöqsanların aradan qaldırılmasından ibarətdir”.

10-15 il əvvəl Azərbaycanda işləyən yalnız hər üç nəfərdən birinin əmək müqaviləsi var idi. Qeyri-formal əmək bazarı insanların əmək hüquqlarının təminatına mane olurdu. İşçilər istehsalatda bədbəxt hadisələrlə üzləşsələr də, kompensasiya ala bilmirdilər. Əmək müqavilələri olmadığına görə, onlar əmək haqlarını almaqda da çətinlik çəkirdilər. Qanunsuz işdən çıxarıldıqda isə, işçilər təzminat tələb edə bilmirdilər. Əmək müfəttişləri ölkədə fəaliyyət göstərən iş yerlərinin çoxuna gedə bilmirdilər. Sadəcə olaraq, onları ora buraxmırdılar.  İndi bu məsələlərin xeyli dərəcədə ortadan qaldırılmasına nail olunsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Bunları nəzərə alan Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, minlərlə müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirir. Dövlət nəzarəti tədbirləri və vətəndaşların müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu yüzlərcə faktlar aşkar edilir və bu hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Törədilmiş inzibati xətalara görə təkcə 2014-cü ildə 3113 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilib, onlara, ümumilikdə, 4292600 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, bu da əvvəlki ilə nisbətən 6,8 dəfə çoxdur. Əmək qanunvericiliyinə əməl olunmaması ilə bağlı aşkar edilən hüquq pozuntularının təhlili də göstərir ki, onların 35,8 faizini əmək müqavilələrinin bağlanmaması və ya onların şərtlərinin yerinə yetirilməməsi, 6,3 faizini əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6,1 faizini əməkhaqqının hesablanması və ya ödənilməsindəki nöqsanlar, 4 faizini texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. təşkil edib.

Bu pozuntular daha çox topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda (bütün nöqsanların 30,4 faizi), yaşayışın təşkili və ictimai iaşə (10 faiz), emal sənayesində (6,7 faiz), səhiyyə və sosial xidmət sahəsində (7,2 faiz), tikintidə (15,8 faiz) və s. aşkar edilib. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının 91 faizi sahibkarlıq subyektlərində baş verib. Eyni zamanda, gecikdirilmiş sosial xarakterli ödənişlərin təxminən 81 faizi sahibkarlıq subyektlərinin payına düşüb. İşçilərə ödənilməsi təmin edilmiş ödənclərin əksəriyyəti emal sənayesinə (18,6 faiz) və tikintiyə (22,6 faiz) aid müəssisələrdə həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2015-ci ildə görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünyada iqtisadi böhranın kəskinləşdiyi 2015-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlandığını vurğulamaqla, hesabat dövründə 29 min nəfər işsiz və işaxtaran vətəndaşın münasib iş yerləri, 4117 nəfər şəxsin müvəqqəti xarakterli işlərlə təmin olunduğunu, 4147 nəfərin peşə hazırlığına cəlb olunduğunu, 114,5 mindən çox gəncə peşəyönümü məsləhətləri verildiyini bildirib.

Hazırda nazirlik işsiz və işaxtaran şəxslərin iş yerləri ilə təminatı məqsədilə dövlət və qeyri-dövlət şirkətləri ilə birgə mühüm işlər aparır. Müsbət haldır ki, bu məsələ ilə bağlı işəgötürənlərdə sosial məsuliyyət hissi xeyli artıb və işəgötürənlər tərəfindən nazirliyə boş (vakant) iş yerləri barədə məlumatlar daxil olur. Bu iş yerlərində iş üçün müraciət edən vətəndaşların məşğulluğu təmin edilir. Əmək yarmarkaları fəaliyyətdədir və bu tədbirlər bütün rayon və şəhərlərdə təşkil olunur

Ümumilikdə, il ərzində işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində aktiv məşğulluq tədbirləri xeyli gücləndirilib. 2015-ci ildə vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5,5 milyon manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlərin işçilərə ödəməsi təmin edilib. Diqqət edəndə görürük ki, büdcə təşkilatlarında, dövlətin tabeliyində olan təsərrüfat subyektlərində işci ilə işəgötürənlər arasındakı münasibətlər normaldır. Bu o demək deyil ki, dövlət sektorunda pozuntular yoxdur. Müəyyən həddə çatışmazlıqlara nəzarət güclüdür. Özəl sektorda isə vəziyyət xeyli dərəcədə problemlidir. Belə amillərin çoxu kiçik müəssələrin payına düşür. Baxmayaraq ki, dövlət o qurumlara nəzarət edir, amma yenə də müəyyən obyektiv və subyektiv faktlara görə pozuntular qalmaqdadır.

Dövlət sektorunda isə, bu, mümkün deyil. Məsələn, Neft Şirkətində kiminləsə ikili müqavilə bağlanması mümkünsüzdür. Həmkarlar İittifaqları da dövlət sektorunda daha aktivdir. Bu heç də o demək deyil ki, bütün özəl müəssisələr belədir. Deyək ki, “Baku Stell Company”, “Avromed” kimi özəl şirkətlərdə pozuntulara rast gəlmək mümkün deyil. Vaxtilə SOCAR-da, “Baku Stell Company”də aparılan ixtisarlar səs-küy yaratdı. Amma ixtisarlar hər yerdə var. Dünyada nüfuzlu iri şirkətlər, transmilli korporasiyalar var ki, onlarda da ixtisarlar aparılır. O zaman kütləvi çıxışlar, etirazlar, tətillər başlayır. Yəni, yeni texnologiyanın tətbiqi iş yerlərinin azaldılmasına gətirib çıxarır.

Bütün hallarda, qanun pozuntusu varsa, ona qarşı çıxmaq lazımdır. Şirkət də struktur yenilikləri edir, “brend”ə çevrilmək istəyir. Bu zaman ixtisarlar qaçılmaz olur. Elə müəsisələr var ki, işçilərlə müqaviləsi də yoxdur, ixtisar lazım olanda, deyirlər: “sabahdan işə gəlmə!” “Baku Stell Company”, “Avromed” kimi şirkətlərdə isə qayda-qanun olduğuna görə etiraz etmək imkanı var və belə şirkətlər işçiləri birbaşa küçəyə atmır, müavinətlər verir, onların taleyi ilə bağlı müəyyən tədbirlər görür.

Şübhəsiz ki, Dövlət Əmək Müfəttişliyi Xidməti müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması istiqamətində tədbirlərini davam etdirir. İstehsalatla əlaqəli bədbəxt hadisələr, ilk növbədə, işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin daha da artırılmasına ehtiyac var. Son dövrlər həm dövlət nəzarətinin gücləndirilməsi, həm də bir sıra tədbirlərin həyata keçirilməsi nəticəsində istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalıb. Lakin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas məqsədi, ümumiyyətlə, belə hadisələrin baş verməməsi üçün iş yerlərində səylərin daha da artırılsına nail olmaqdır.

Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *