“Son günlər bəzi kütləvi informasiya vasitələrində qəsdən dərman preparatlarının qıtlığının yaradılması, əczaçılıq məhsullarını depolarında saxlayaraq satışa çıxarılmadığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Ölkənin əczaçılıq bazarının iştirakçılarından biri kimi bildirmək istəyirik ki, bu məlumatlar həqiqətdən uzaqdır və bu çür şayiələr dərman preparatlarının qiymətlərinin tənzimlənməsi kimi mütərəqqi bir addıma kölgə salmaq niyyətindən başqa bir şey deyil”.

Modern.az xəbər verir ki, bu barədə “Avromed” Qapalı Tipli Səhmdar Cəmiyyətinin  mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Şirkətin yaydığı açıqlamada daha sonra deyilir:
“Əvvəla, qiymətlər distributor şirkətlər tərəfindən deyil, müvafiq dövlət orqanları tərəfindən qanunla nəzərdə tutulmuş hallarda tənzimlənir. Bütün idxalçı şirkətlər qiymətlərin hansı hallarda yenidən tənzimlənməsi barədə kifayət qədər məlumatlıdırlar.Digər tərəfdən, dərman vasitələri müəyyən istifadə müddəti olan və xüsusi şəraitdə saxlanılan məhsullardır. Dərmanların satılmadan anbarlarda saxlanılması onların istifadə müddətinin keçməsi və məhv edilməsi ilə, nəticədə isə şirkətlər üçün külli miqdarda zərərlə nəticələnə bilər. Ona görə də bütün idxalçı-distributor şirkətlər anbarlarında olan məhsulların tezliklə satılmasında və yeni məhsulların gətirilməsində maraqlıdırlar. Buna görə də, distributorların aylarla qiymətlərin bahalaşmasını gözləməsi “fikri” məntiqə uyğun deyil.

Qeyd edək ki, Azərbaycanın əczaçılıq bazarında 10 mindən çox adda dərman preparatları var. Bir və ya bir neçə aptekdə müəyyən dərman preparatlarının olmaması heç də bütün ölkədə dərman qıtlığının olması demək deyildir. Dünyanın heç bir ölkəsində heç bir aptekdə 10 min adda dərman ehtiyatının daim mövcud olması mümkün deyil. Hər hansı bir aptekdə müəyyən dərmanın istənilən anda olmamasının isə bir çox səbəbləri ola bilər. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qüvvədə olan qanunvericilik reseptdə dərman adlarının deyil, tərkibinin yazılmasını tələb edir. Bu səbəbdən dərman brend adları ilə deyil, tərkibi ilə axtarılsa, əminik ki, hər aptekdə eynitərkibli bir çox adda dərman preparatları tapmaq mümkündür. Belə ki, brend adları ilə tanınan dərman preparatlarının demək olar ki, hamısının eyni tərkibə malik olan onlarla alternativi var. Bunu isə resept yazan həkimlər və dərman preparatlarının satışı ilə məşğul olan əczaçılar yaxşı bilir.

Odur ki, həqiqətə uyğun olmayan məlumat yayan kütləvi informasiya vasitələrini öz fəaliyyətlərinə peşəkarlıqla yanaşan şirkətlərin işinə kölgə salmamağa çağırırıq”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *