Hüquqi sənədlər

  1. Dərman vasitələri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

    Bu Qanun Azərbaycan Respublikasında dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

    I fəsil
    Ümumi müddəalar

    Maddə 1. Əsas anlayışlar

    1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
    1.0.1. dərman vasitələri – xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası, insan orqanizminin vəziyyətinin və fizioloji funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələri və ya onların qarışığı, o cümlədən immunobioloji dərman preparatları.
    Xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi məqsədi ilə istifadə edilən tibb vasitələri (tibb cihazları, məmulatları, əşya və materialları, alətləri, avadanlıqları, tibbi reaktivlər və optik ləvazimatlar) bu Qanunun məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur;
    1.0.2. dərman maddələri (dərman substansiyaları) – insan orqanizminin vəziyyətini və fizioloji funksiyalarını dəyişə bilən və dərman vasitələrinin istehsalında istifadə edilən bioloji fəallığa malik olan təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik və biotexnoloji mənşəli maddələr;
    1.0.3. təsiredici maddə – dərman vasitələrinin istehsalında istifadə olunan əsas dərman maddəsi (dərman substansiyası);
    1.0.4. orijinal dərman vasitələri – patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri;
    1.0.5. orijinal dərman vasitələrinin analoqları (generiklər) – orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələri;
    1.0.6. dərman vasitələri ilə davranış – dərman vasitələrinin (onların substansiyalarının) elmi axtarışı, hazırlanması, istehsalı, qablaşdırılması, saxlanması, daşınması, idxalı və ixracı, dövlət qeydiyyatı, sertifikatlaşdırılması, keyfiyyətinə, səmərəliliyinə və təhlükəsizliyinə nəzarət edilməsi, satışı, tətbiqi, yararlılıq müddəti bitdikdə və yararsız hala düşdükdə məhvi, habelə dərman vasitələri ilə bağlı digər əməliyyatların həyata keçirilməsi;
    1.0.7. əczaçılıq fəaliyyəti – dərman vasitələrinin hazırlanması, istehsalı, topdan və pərakəndə satışı ilə bağlı fəaliyyət;
    1.0.8. dərman vasitələrinin dövlət qeydiyyatı – tibbi praktikada istifadə məqsədi ilə dərman vasitələrinin müvafiq sənədlər əsasında ekspert qiymətləndirilməsi və (və ya) aparılmış sınaqların nəticələrinə görə Azərbaycan Respublikasında sənaye üsulu ilə istehsalına, idxalına və tətbiqinə icazə verilməsini və müəyyən olunmuş qaydada uçota alınmasını nəzərdə tutan tədbirlər sistemi;
    1.0.9. farmakopeya məqaləsi – dərman vasitələrinin keyfiyyəti, qablaşdırılması, saxlanma şəraiti və müddəti, habelə keyfiyyətinə nəzarət üzrə tələbləri müəyyənləşdirən sənəd;
    1.0.10. topdansatış əczaçılıq müəssisəsi – bu Qanunun tələbləri nəzərə alınmaqla dərman vasitələrinin topdansatışını həyata keçirən hüquqi şəxs;
    1.0.11. aptek təşkilatı – bu Qanunun tələbləri nəzərə alınmaqla dərman vasitələrinin pərakəndə satışını (dərman vasitələrinin fərdi sifarişlər əsasında hazırlanması da daxil olmaqla) həyata keçirən fiziki və hüquqi şəxs;
    1.0.12. dərman vasitələri istehsalçısı – bu Qanunun və Azərbaycan Respublikasında qüvvədə olan müvafiq standartların tələbləri nəzərə alınmaqla dərman vasitələrini sənaye üsulu ilə istehsal edən hüquqi şəxs;
    1.0.13. dərman vasitələrinin keyfiyyət sertifikatı – dərman vasitələrinin müvafiq dövlət keyfiyyət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sənəd;
    1.0.14. dərman vasitələrinin keyfiyyəti – dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu;
    1.0.15. dərman vasitələrinin təhlükəsizliyi – dərman vasitələrinin səmərəliliyinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan xarakteristikası;
    1.0.16. dərman vasitələrinin səmərəliliyi – dərman vasitələrinin xəstəliyin müalicəsinin gedişinə müsbət təsirinin dərəcəsinin göstəricisi.

    YÜKLƏYİN

  2. Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

    “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

    “Dərman vasitələri haqqında”
    Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

    AZƏRBAYCAN RESPUBLİKASININ
    Q A N U N U

    Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    I. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 70, № 11, maddə 1046) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

    1. 1.0.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.17-ci maddə əlavə edilsin:
    “1.0.17. əlavə təsir – dərman vasitəsinin istifadəsi təlimatında göstərilmiş dozada istifadə edilməsi zamanı insan orqanizminin gözlənilməz mənfi reaksiyası.”.

    YÜKLƏYİN

  3. Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları (13/07/2007)

    “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

    1 .“Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

    2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmişdir
    Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması.

    YÜKLƏYİN

  4. AvroMed Company MMC-nin Korrupsiya ilə mübarizəyə dair təlimatı

    “AvroMed Company” MMC-nin

    Korrupsiya ilə mübarizəyə dair təlimatı

     

    ümumi müddəalar

    Bu təlimat korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, “AvroMed Company” MMC-də (bundan sonra Cəmiyyət) fəaliyyətin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə, cəmiyyətin insan potensialının inkişafı üçün əlverişli şəraitin yaradılmasına, yönəlmişdir.

    Habelə bu təlimat işəgötürənlə işçi arasında etimadın möhkəmləndirilməsi, Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi istiqamətində peşəkar kadrların  həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.

    Maddə 1. Korrupsiyanın anlayışı

     Korrupsiya- vəzifəli şəxslərin öz statusundan, cəmiyyətin statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

    Maddə 2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri

    2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləridirlər:

    2.1.1. Azərbaycan Respublikasının qanunverciliyinə əsasən işçilərlə əmək müqaviləsi bağlayan işəgötürən ; 

    2.1.2 . İşçilər ;

    2.1.3 . Cəmiyyəti təmsil edən şəxslər .

    Maddə 3. Korrupsiya ilə əlaqədar hüquqpozmalar

    3.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir.

    3.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır:

    3.2.1. işəgötürən və işçi tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;

    3.2.2. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;

    3.2.3. işəgötürən və işçi tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədi ilə istifadə edilməsi;

    3.2.4. işçi tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi;

    3.2.5. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi;

    3.2.6. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi.

    3.3. Bu qanunda nəzərdə tutulan hallardan başqa, vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.

    Maddə 4. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət

    4.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

    4.2. Bu təlimatın 3-cü maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda,  hüquqpozmanın subyektinin  məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

    4.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri əmək qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir.

    Maddə 5.  Yekun müddəalar

    5.1. Bu təlimat Azərbaycan Respublikasının Konstitusiyasına, “Korrupsiyaya qarşı mübarizə haqqında”  Azərbaycan Respublikasının Qanununa və digər qanunvercilik və beynəlxalq aktlara uyğun olaraq tərtib edilmişdir . 

    5.2. Gələcəkdə bu təlimatın hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə , qanunvericiliyin müddəası tətbiq edilir.

    5.3. Bu təlimat imzalsndığı gündən qüvvəyə minir.