Sosial Öhdəliklər

Bütün proqressiv cəmiyyətlər insana qayğını özlərinin ümdə vəzifələrindən biri hesab edirlər. Şirkətimiz də on illik fəaliyyəti ərzində bir sıra humanitar tədbirlərin təşəbbüskarı olmuş və bacardığı qədər qayğıya ehtiyacı olan insanların müraciətinə həssaslıqla yanaşmışdır. Xüsusilə kütləvi humanitar tədbirlərin həyata keçirilməsi yüzlərlə insanın qarşısında duran problemlərin həllində mühüm rol oynamışdır. Artıq 5-ci ildir ki, şirkətimizdə könüllü qanvermə aksiyası keçirilir ki, bu da qan xəstəliyindən əziyyət çəkən insanların fiziki sağlamlığını qorumaq baxımından olduqca önəmlidir. Hər il yüzlərlə əməkdaşımız bu tədbirlərdə yaxından iştirak edirlər.

Ölkənin bir sıra şəhərlərində – Gəncədə, Şəkidə, Lənkəranda, Sabirabadda Bakıdan aparılmış yüksək ixtisaslı mütəxəssislər tərəfindən əhalinin hepatit və göz xəstəlikləri üzrə pulsuz müayinəsi təşkil olunmuş, xəstəlik aşkar olunan vətəndaşlara Avromed şirkəti hesabına lazımi köməklik göstərilmişdir.  Şirkətimiz Bakıda yerləşən Talassemiya Mərkəzi ilə sıx əməkdaşlıq edir və artıq bir neçə ildir ki, ölkənin birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü “talassemiyasız həyat naminə” proqramı çərçivəsində təbliğat işləri aparır. Son iki ildə Şəki şəhərində yaşayan yüzə yaxın talassemiyalı uşaqların müalicə prosesinin intensivləşməsi üçün lazımi tədbirlər görülür. Fərdi şəkildə ölkənin müxtəlif bölgələrindən Avromed şirkətinə müraciət edən şəxslərin hər birinə diqqətlə yanaşılmış, və onların sağlamlıq problemlərinin həlli üçün tədbirlər həyata keçirilmişdir. Hər il onlarla vətəndaş Avromed şirkəti hesabına əməliyyat olunur, yüzlərlə həmvətənimiz üçün lazımi müayinə, müalicə və məsləhət köməkliyi göstərilir. Avromed şirkəti özü gələcəyə boylanan bir şirkət kimi cəmiyyətimizin gələcəyi olan tələbələrə də diqqət və qayğı göstərir. Hər dərs ilində ölkənin müxtəlif bölgələrindən olan onlarla tələbəyə Avromed şirkəti tərəfindən təqaüdlər verilir. Yaradıcı ziyalılarımız da Avromed şirkətinin qayğısından kənarda qalmamışlar. Bu günə qədər onlarla müəllifin elmi və bədii kitabları Avromed şirkətinin dəstəyi ilə işıq üzü görmüşdür. Eləcə də cəmiyyətimizin mədəni – estetik dəyərlərini təbliğ edən teatr və incəsənət əsərlərinin yaranmasına öz töhfəsini vermişdir.